Baş səhifə
Xəbərlər
Akademiya
“Gömrük Akademiyası ilə birgə layihələri həyata keçirməyə hazırıq”

“Gömrük Akademiyası ilə birgə layihələri həyata keçirməyə hazırıq”

Qalina Yuryevna Fedotova Ümumdünya Gömrük Təşkilatının akkreditə olunmuş ekspert-təlimçisi, Rusiya Federasiyasının Sankt-Peterburq Prezident Akademiyasının Gömrük idarə edilməsi və təhlükəsizlik kafedrasının dosenti, texnika elmləri namizədidir. Uzun illər Rusiya Gömrük Akademiyasında, həm mütəxəssis hazırlığında, həm də Rusiyanın gömrük orqanlarının əməkdaşlarının ixtisasartırma və yenidənhazırlama kurslarında pedaqoji fəaliyyət göstərib. Gömrük ixtisaslaşmasına aid olan 30 fənnin işçi proqramlarını tərtib edib. Müxtəlif ölkələrin gömrük orqanları üçün kadrların hazırlanmasında zəngin təcrübəsi vardır. 2012/2016-cı illərdə dünyanın müxtəlif ölkələrində gömrük orqanlarının əməkdaşları üçün Ümumdünya Gömrük Təşkilatının xətti ilə seminarlar keçirib. Beş il ərzində Rusiyanın Federal Gömrük Xidmətinin nümayəndə heyətinin tərkibində Ümumdünya Gömrük Təşkilatının Malların harmonikləşdirilmiş yazı və kodlaşdırma Komitəsinin işində iştirak edib. Yüzdən artıq çap olunmuş elmi əsərin, o cümlədən Federal Gömrük Xidmətinin qrifi altında gömrük işində istifadəyə tövsiyə edilmiş 2 dərsliyin müəllifidir. Qalina xanım 4-12 fevral tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Qış məktəbinin iştirakçısı olub. Onunla bu barədə söhbətləşdik.

- Qalina xanım, Qış məktəbində iştirakınız haqqında nə deyə bilərsiniz? Qış məktəbində keçirilən təlimləri və təşkilati işləri necə qiymətləndirirsiniz?

- Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsinin dəvəti ilə mən ikinci dəfədir ki, Qış məktəbində iştirak edirəm. Mən Qış məktəbində “Tarif təsnifatlaşdırılması və malların mənşəyinin müəyyən edilməsinin praktiki aspektləri” proqramının 3 modulu üzrə məşğələlər keçirdim. Tələbələrə Ümumdünya Gömrük Təşkilatının Malların harmonikləşdirilmiş yazı və kodlaşdırma sisteminin praktiki tətbiqi ilə bağlı ətrafı məlumatlar verildi. Məşğələlərin ikinci hissəsi bu məsələlərin konkret tətbiqi ilə bağlı tələbələrin keys-texnologiyasından istifadə etməklə qrup şəklində müstəqil iş formasında təşkil olundu. Bu, qrup şəklində işləyən tələbələrə əldə etdikləri biliklərdən istifadə etməklə praktiki keyslərin istifadəsi üçün birgə qərarlar qəbul etmək imkanı verdi. Tələbələrin qrup şəklində fəaliyyəti sonradan bütün iştirakçılarla birgə müzakirə olundu. Onlara aşkar olunmuş səhvlər, çatışmazlıqlar ətraflı izah olundu, uğurlu fəaliyyət göstərən qruplar qeyd olundu. Bütün tədris materialları elektron variantda tələbələrə təqdim olundu, bu, onlara baxılan məsələləri sonra daha dərindən öyrənməyə imkan yaradacaq. Mənim məşğələlərimin hamısı Dövlət Gömrük Komitəsinin Akademiyasının auditoriyalarında təşkil olunmuşdu. Qeyd edə bilərəm ki, təlimlərin səmərəsi və həyata keçirilmə səviyyəsi çox yüksək və ali təhsil müəssisələrində tədris prosesinin təşkilinə olan tələblərə tam uyğun olub.

- Siz Qış məktəbinin təşkilatçılarından biri olan Dövlət Gömrük Komitəsinin Akademiyasında oldunuz. Təmsil etdiyiniz ali təhsil müəssisəsi ilə Akademiyanın əməkdaşlığında hansı perspektivləri görürsünüz?

- Gömrük Akademiyasının Qış məktəbində təşkilatçı kimi iştirakı tədris məşğələlərinin təşkili və tələbələr üçün çox faydalıdır. Bizim Sankt-Peterburq Prezident Akademiyası digər ölkələrdən bir çox ali məktəblərlə birgə layihələrdə, o cümlədən Şanxay Gömrük Kolleci ilə tələbələrin və müəllimlərin mobillik layihəsində iştirak edir. Akademiyamız Bakıda keçirilən Qış məktəbində artıq 4-cü dəfədir iştirak edir. Biz Gömrük Akademiyası ilə müxtəlif formatda və istiqamətdə birgə layihələri həyata keçirməyə hazırıq.

- Sizin gələcəkdə təlimlərin təşkili ilə bağlı hər hansı təklifiniz varmı?

Qış məktəbinin keçirilməsi təlim texnologiyalarının və tələblərinin qrup şəklində işləməsinin səmərəsinin yüksək olduğunu göstərdi, bu isə, iştirakçıların müxtəlif ölkələrdən olmasının üstünlüyündən maksimal istifadə imkanı yaratdı. Ona görə bu təcrübəni əsas götürərək inkişaf etdirmək lazımdır.  

- Qış məktəbi proqramı çərçivəsində Bakıda və onun ətraflarında oldunuz. Bizim ölkə haqqında hansı təəssüratlar əldə etdiniz?

- Mən Qış məktəbində ikinci dəfə iştirak edirdim və təşkilatçıların budəfəki dəvəti mənə gözəl Bakı şəhəri ilə tanışlıq imkanı yaratdı. Şənbə və bazar günləri çoxsaylı mədəni tədbirlərin təşkili təşkilatçıların səmərəli fəaliyyəti ilə bağlıdır. Bunun hesabına biz Azərbaycan Respublikasının tarixi, mədəniyyəti və ənənələri haqqında çoxlu məlumat əldə etdik.

İctimaiyyətlə əlaqələr şöbəsi